Umud Rəhim oğlu Mirzəyev 01 fevral 1961-ci ildə Azərbaycan Respublikasının, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1968-1978-ci illərdə həmin kəndin orta məktəbində təhsil alıb. 1979-1981-ci illərdə ordu sıralarında xidmət edib. Ordu sıralarından tərxis olduqdan sonra Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində əmək fəaliyyətinə başlayıb 1982-87-ci illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil alıb. 1988- ildən başlayaraq Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan «Ədəbiyyat və incəsənət» qəzetində əmək fəaliyyətini davam etdirməyə başlayıb. 1989-1993-cü illərdə isə həmin qəzetin “Elm, publisistika və məktublar” şöbəsinə rəhbərlik edib.
U.R.Mirzəyev 1992-ci ildən fəaliyyətə başlayan və bu gün BMT-nin İqtisadi-Sosial Şurasının ən yüksək statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və prezidentidir. Onun təşəbbüsü ilə müxtəlif ölkələrin jurnalistlərinin dəstəyi ilə yaradılan BAMF, xarici media nümayəndələrinin post Sovet məkanındakı münaqişə bölgələrinə səfərlərinin təşkili və obyektiv informasiyanın yayılması istiqamətdə fəaliyyət göstərib. Onun rəhbərliyi ilə BAMF, Dağlıq Qarabağ münaqişəsinin ən qaynar vaxtlarında xarici ölkələri təmsil edən jurnalistlərin, xalq diplomatlarının cəbhə xəttinə yaxın ərazilərə yüzdən artıq səfərlərini reallaşdırmış, Ermənistan ordusunun törətdiyi cinayətlərlə bağlı obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində xidmətlər göstərmişdir.
BAMF prezidenti Umud Mirzəyev 1996-cı ildən BMT-nin media və vətəndaş cəmiyyəti qurumları ilə birgə MDB ölkələrində həyata keçirdiyi QHT konfranslarının və beynəlxalq qurumların Cənubi Qafqaz regionu üzrə tədqiqat qruplarının fəal üzvü olub. Qafqazda və regionda media sahəsində keçirilən beynəlxalq tədbirlərin, sülh təşəbbüslərinin, sülhməramlı aksiyaların təşkilatçısı, moderatoru olub.
U.R.Mirzəyev 2012-2016-cı illərdə dünyanın tanınmış media qurumlarını özündə birləşdirən Beynəlxalq Mətbuat İnstitutunun (BMI) İdarə Heyətinin, 2013-cü ildən etibarən isə Nobel Sülh Mükafatı laureatı olan Beynəlxaq Sülh Bürosunun Ali Şurasının üzvü və qurumun 18 Qərbi Asiya ölkəsi üzrə nümayəndəsi seçilmişdir.
2012-ci ilin sentyabrında Beynəlxalq Mətbuat İnstitutu ilə birgə Bakıda keçirilən və dünyanın 27 ölkəsindən 200-dən yuxarı peşəkar media mənsubunun iştirakı ilə keçirilən “Neft, Qaz və Media konfransı”nın təşəbbüskarı və təşkilatçısıdır. Beynəlxalq Mətbuat İnstitutunun milli komitələrinin Bakı toplantısının təşkilatçısı, “Bakı deklorasiyası” nın müəllifidir.
Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında, QHT-dövlət münasibətlərinin güclənməsində xidmətləri vardır. U. Mirzəyev Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumunun qurucularındandır.
Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar yaradılan “Seçki-2008” və “Seçki 2013” Qeyri-Hökumət Təşkilatları Koalisiyasının təsisçilərindən olub və koalisiyaya rəhbərlik edib.
Media və vətəndaş cəmiyyəti, sosial-humanitar proqramlar, sosial idarəetmə, böhran vəziyyətlərdə idarəetmə, sosial inkluziv dəstək, maarifləndirmə, beynəlxalq təşkilatlarla əlaqələr və təmsilçilik, DİM-lərin təşviq edilməsi ilə bağlı geniş bilik və bacarıqlara malikdir.
BAMF sədri Umud Mirzəyev 2009-cu ildə mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına üzv təyin edilib. 2009-2016-ci illərdə həmin qurumun Müşahidə Şurasına sədrlik edib. O, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı ilə nəşr edilən kitabların böyük bir hissəsinin kiril əlifbasından latın əlifbasına çevrilməsi layihəsinə rəhbərlik edib.
- Mirzəyev Beynəlxalq Yunus Mərkəzi ilə yoxsulluğun azaldılmasında sosial biznesin perspektivlərinin araşdırılması üçün müxtəlif tədbirlərin, akademik müzakirələrin panel məruzəçisidir. ADA Universiteti ilə birgə Nobel Sülh Mükafatı laureatı, BMT- Baş Katibinin Sülh Çağrışçısı, dünyanın 124 ölkəsinin müxtəlif fəxri adlarına layiq görülmüş prof. Məhəmməd Yunusun ölkəmizə səfərinin təşkilatçısıdır.
- Mirzəyev ölkəmiz haqda həqiqətlərin dünyaya çatdırılması, ölkəmizin tarixi, mədəniyyəti, milli mənəvi dəyərləri, münaqişə ilə bağlı informasiyaların daha böyük və fərqli auditoriyalara çıxarılması istiqamətində proqramların, jurnalistlərin, media adamlarının, beynəlxalq təşkilat nümayəndələrinin regionlarımıza səfərlərinin, müxtəlif beynəlxalq qurumlarla birgə çox saylı tədbirlərin müəllifidir.
2017-ci ildən ADA Universiteti ilə qarşılıqlı memorandum əsasında birgə həyata keçirilən xarici tələbə və müəllimlərin müharibədən zərərçəkmiş bölgələrə səfərlərinin təşkili, sosial-humanitar dəstək xarakterli fəaliyyətlərin yerinə yetirilməsini nəzərdə tutan “Qarabağ Proqramı”nın icraçısıdır.
Onun rəhbərlik etdiyi təşkilatın Qarabağ münaqişəsi ilə bağlı 10-dan yuxarı bəyanatı BMT–nin rəsmi səhifəsində dərc edilmiş, BMT-nin Nyu York, Cenevrə ofislərində Azərbaycan həqiqətləri ilə bağlı paralel sessiyalar, tədbirlər keçirilmiş, çoxsaylı nəşrlər, müraciətlər hazırlanmışdır. Onun təşəbbüsü ilə 2020-ci ildə Tovuz hadisələri zamanı Qarabağ həqiqətlərinin dünyanın müxtəlif nəşrlərində dərc etdirilməsi istiqamətində böyük işlər görülmüş, BMT-nin Cenevrə ofisində BAMF-ın təmsilçisi vasitəsi ilə erməni vandalizmi, erməni işğalçılıq siyasəti haqda hazırlanan bəyanat dünya liderlərinin çap olunduğu “Diva İnternational Diplomat” və “Diva İnternational Geneve” jurnallarında nəşr edilərək BMT-nin bütün ofislərində yayılmışdır.
Ermənistanın Azərbaycana təcüvüzünün nəticələrini özündə əks etdirən, müharibənin infrastruktura vurduğu ziyanın aradan qaldırılması istiqamətində çoxsaylı proqramların və layihələrin müəllifidir. Qarabağda törədilən vandalizm aktlarını nümayiş etdirən “Atəşkəs”, “Mədəni İrsimizin səsi”, “Su müharibə maşını” və.s sənədli filmlərin, sosial çarxların BMT paralel sessiyalarında, Dünya Su Şurasının toplantılarında, BMT İnsan Haqqları Komitəsinin iclaslarında əsas təqdimatçısıdır.
CNN, BBC, Əl-Cəzirə, CGTN, DND və dünyaca məşhur digər televiziya kanallarında ölkəmiz haqda məlumatların yer almasında müstəsna xidmətlər göstərmişdir. Təkcə 2019-cu ildə onun təşəbbüsü ilə Əl Cəzirə Media Şəbəkəsi və BAMF arasında bağlanan memorandum əsasında Azərbaycanı tanıtım üçün çəkilmiş 5 sənədli film bir ay müddətində həmin kanalda çoxmilyonluq ərəb dünyasına təqdim edilmiş və böyük izləyici kütləsi toplamışdır. Onun rəhbərliyi ilə macar jurnalistlərlə birgə Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün çəkilən “Atəşkəs” sənədli filmi 2020-ci ildə Türk Dövlətləri Film Festivalında yüksək ödülə layiq görülmüşdür.
Hal hazırda Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədr müavinidir. Umud Mirzəyev eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və N. Tusi adına Dövlət Pedaqoji Universitet yanında İctimai Şuraların sədridir.
Dünyadan və xüsusi ilə də münaqişə bölgələrindən obyektiv informasiya verilməsi məqsədi ilə 2015-ci ildə yaradılan və 5 dildə (ingilis, rus, türk, ərəb, azərbaycan) yayımlanan “Avrasiya Gündəliyi” analitik-informasiya saytının daxil olduğu “Avrasiya Media Şəbəkəsi” nin təsisçidir. “Avrasiya Gündəliyi” (Ednews) analitik-informasiya saytında müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin ölkəmizin haqlı davasını dünyaya təqdim edən çoxsaylı yazıların təşəbbüsçüsüdür.
Vətən Müharibəsi dövründə Tərtər, Bərdə, Gəncə, Ağdam, Goranboy, Füzuli istiqamətindəki ən qaynar nöqtələrdən 40-dan çox televiziya reportajını və canlı yayımları dünyaya təqdim edən Əl Cəzirə televiziyasını müşayət edərək, ölkəmiz haqda həqiqətlərin dünyaya yayılmasında xüsusi xidmətlər göstərmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüşdür.
Ailəlidir, üç övladı var.
Qızı Qasımova Aytəkin Umud qızı 1985 cü ildə anadan olub. Bakı Qızlar Universitetini bitirib. Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəlliməsidir.
Qızı Mirzəyeva Aysəba Umud qızı – 1988-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin və sonradan London City Universitetinin beynəlxalq hüquq fakultəsini bitirib. Bakı Beynəlxalq Tələbə Klubunun prezidentidir. Hal hazırda Qətərdə, Əl Cəzirə Media Şəbəkəsində çalışır.
Oğlu Mirzəyev Oğuz Umud oğlu- 1990-cı ildə anadan olub. Amerikanın Sent Luis Universitetinin biznesin idarəedilməsi fakultəsini bitirib. Beynəlxalq Avrasiya Mətbuat Fondunda çalışır. `