BAMF 1992-ci ildə müxtəlif ölkələrdən olan bir qrup jurnalistlər tərəfindən yaradılmış beynəlxalq müstəqil qeyri-hökümət təşkilatıdır. Təşkilatın yaradılmasının əsas məqsədi münaqişə bölgələrinə, konflikt zonalarına beynəlxalq jurnalistlərin, diplomatların səfərlərini təşkil etmək və həmin ərazilərdən obyektiv informasiya yaymaq olmuşdur.
BAMF 5 əsas fəaliyyət istiqamətində – Media və vətəndaş cəmiyyətinin inkişafı; Qaçqınların/məcburi köçkünlərin problemləri; Sülhməramlı aksiyalar və münaqişələrin həlli; İcma inkişafı; və Təhsil istiqamətlərində müxtəlif layihələr həyata keçirir.
BMT-nin Əsas məşvərətçi statuslu üzvü olan BAMF UNDP, UNHCR, UNICEF, UNEP kimi BMT qurumları, Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Sülh Bürosu, NATO, bir sıra xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirlikləri, nazirliklər, agentliklər, eləcə də regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları və qlobal media qurumları ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.
BAMF Birinci Qarabağ müharibəsindən sonra yüzlərlə yerli və xarici jurnalistlərin, beynəlxalq təşkilatların nümayəndələrinin, diplomatların səfərlərini təşkil etmişdir. Təşkilat qlobal media qurumları ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. BAMF 10 ildən çoxdur ki, Əl Cəzirə Media Şəbəkəsi ilə yaxından əməkdaşlıq edir. 2019-cu ildə BAMF və Əl Cəzirə komandası birlikdə Azərbaycan haqqında hər birisi 25 dəqiqədən ibarət olan 5 unikal təqdimat filmini hazırlamışdır. Təşkilat İkinci Qarabağ müharibəsində Əl Cəzirə heyəti ilə birlikdə yaxından iştirak etdi və birbaşa olaraq cəbhədə fəaliyyət göstərdi. Nəticədə iki ay ərzində döyüş bölgələrindən 30-dan çox reportajın hazırlanmasında və beynəlxalq mediada yayımlanmasında birbaşa iştirak etdik. BAMF-ın “Eurasia Diary” analitik portalı 2015-ci ildən fəaliyyət göstərir və gündəlik olaraq 4 fərqli dildə xəbərlər yayımlayır.
İndiyə qədər çoxsaylı nüfuzlu təşkilatlarla əməkdaşlıq müqavilələri imzalayan BAMF son bir il ərzində Əl Cəzirə Media Şəbəkəsi və dünyaca məşhur Sülhün Kökləri (Roots of Peace) təşkilatı ilə anlaşma memorandumu imzalayıb. Təşkilat öz statusundan istifadə edərək mütəmadi olaraq, BMT-nin Cenevrə, Nyu York, Vyana ofislərində silsilə tədbirlər, paralel sessiyalar keçirir. Hər il dünyanın müxtəlif univeristetlərindən onlarla tələbələr BAMF-da təcrübə keçir və təşkilatın könüllüsü adını qazanmış olurlar.
Bu gün baş ofisi Bakı şəhərində yerləşən BAMF özünün beynəlxalq təcrübəsinə, ciddi və nüfuzlu tərəfdaşlarına, səriştəli kadr potensialına, maddi-texniki bazasına görə regionda tanınmış qeyri-hökumət təşkilatlarından birinə çevrilib və təşkilatın dünyanın bir sıra ölkələrində, BMT ofislərində nümayəndələri, təmsilçiləri vardır. BAMF-ın Tərtər, Füzuli və Beyləqan rayonlarında regional ofisləri də fəaliyyət göstərir.